DOKTORANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN XXVIII
RESPUBLİKA ELMİ KONFRANSININ (NASCO XXVIII) ƏSASNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (bundan sonra – Konfrans) gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək, onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək və “Təhsil-elm-innovasiya” üçlüyünün fəaliyyətinin paylaşılması üçün xüsusi rola malikdir. Konfranslar multidissiplionar elmi tədqiqatların aparılmasını dəstəkləyir və elm və təhsilin sinercidə inkişafını sübut edir.

1.2. Konfransın istiqamətləri aşağıdakılardır:

1.2.1. Təbiət elmləri (kimya, fizika, biologiya, geologiya, coğrafiya, enerji resursları və s.);

1.2.2. Mühəndislik (mexanika, elektrik-elektronika, robototexnika, avtomatlaşdırma və inşaat mühəndisliyi, maşınqayırma, neft-kimya və s.);

1.2.3. Riyaziyyat və İKT (süni intellekt, kibertəhlükəsizlik, informasiya texnologiyaları, data analitikası, kompüter elmləri və s.);

1.2.4. Sağlamlıq və ətraf mühit (tibb, biotexnologiya, sosiologiya, psixologiya, ətraf mühit və s.);

1.2.5. Sosial və humanitar elmlər (tarix, arxeologiya və etnoqrafiya, antropologiya, fəlsəfə, hüquq, politologiya, kulturologiya, jurnalistika, metodika, ədəbiyyatşünaslıq, dilçilik, pedaqogika, və s.);

1.2.6. İctimai elmlər (iqtisadiyyat, maliyyə, statistika, ekonometrika, turizm, menecment və s.).

1.3. Konfransın keçirilməsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən Təşkilat komitəsi yaradılır (sədr, sədr müavini, elmi katib və üzvlər).


2. Konfransa müraciət prosesi

2.1. Konfransın qaydaları və əsas tarixlərində hər hansı bir dəyişiklik konfransın Təşkilat komitəsi tərəfindən müəyyən edilir.

2.2. Müraciət edən hər kəs 2.1-ci bənddə qeyd edilən elanda və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin internet saytında yerləşdirilən konfrans səhifəsindən istifadə edərək elmi işlərini təqdim etməlidirlər (nasco.asoiu.edu.az).

2.3. Müraciətlər ilkin olaraq Təşkilat komitəsi tərəfindən 3, 4 və 5-ci bölmələrdə qeyd olunan tələblərə və qaydalara uyğun olaraq yoxlanılır. Müvafiq uyğunluq olduğu təqdirdə təqdim olunan elmi işlər konfransın Elm komitəsi tərəfindən qapalı dəyərləndirmə sistemi vasitəsi ilə dəyərləndirilir. Əgər müraciət keyfiyyət və yazı standartlarına cavab verirsə “Qəbul”, əgər müəyyən məzmun və ya texniki düzəlişlərə ehtiyac varsa, “Düzəliş”, konfransın standartlarına cavab vermirsə, “İmtina” cavabı gələcəkdir. Qəbul rəyi elan olunmuş tarixə qədər göndəriləcəkdir. “Düzəliş” tələb edən elmi işlər üçün müəlliflərinə 1 həftə düzəliş üçün vaxt veriləcəkdir. Müvafiq düzəlişlərdən sonra müəllif yeni faylı göndərməlidir. Əgər qeyd edilən vaxta qədər göndərilməzsə, həmin şəxsə “İmtina” veriləcəkdir. Qeyd etmək lazımdır ki, müəlliflərə düzəliş üçün yalnız bir dəfə şans veriləcəkdir. Düzəlişdən sonra Elm komitəsi yenidən baxacaq, əgər Elm komitəsinin rəyləri nəzərə alınıbsa, həmin şəxsə “Qəbul”, rəylər nəzərə alınmayıbsa, “İmtina” cavabı veriləcəkdir.


3. Konfrans iştirakçıları

3.1. Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq:

3.1.1. Azərbaycan vətəndaşı olub respublika və ya xaricdəki təhsil müəssisəsilərindən və ya elmi tədqiqat institutlarından birində fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və ya dissertant;

3.1.2. Azərbaycanda yerləşən təhsil müəssisəsilərindən və ya elmi tədqiqat institutlarından birində fəlsəfə doktoru proqramı üzrə təhsil alan əcnəbi doktorant və ya dissertant;

3.1.3. Gənc alim və ya tədqiqatçı - yaşı 35-dən çox olmayan elmi dərəcəsi olan şəxs.

3.2. Hər iştirakçı yalnız bir elmi iş təqdim edə bilər. Bir elmi işin bir neçə müəllifi ola bilər. Lakin müraciət zamanı bütün müəlliflər 3.1-ci bənddə qeyd olunan tələblərə uyğun olmalıdırlar.

3.3. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin internet saytında yerləşdirilən konfrans səhifəsindən (nasco.asoiu.edu.az) müraciət zamanı qeyd edilən sənədlər müəyyən edilən formada təqdim edilməlidir.


4. Elmi işin tərtib olunma qaydaları

4.1. Təqdim edilən elmi işdə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Elmi işlərin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə verilir.

4.2. Konfransa təqdim olunan elmi iş aşağıdakı tələblərə uyğun tərtib edilir:

4.2.1. Tezislər (məqalələr) Azərbaycan, rus və ingilis dillərində qəbul olunur (Seçilmiş jurnallarda çap üçün elmi iş/məqalə yalnız İngilis dilində təqdim edilməlidir);

4.2.2. Daha əvvəl başqa hər hansı bir yerdə nəşr və məruzə olunmamış orjinal elmi iş göndərilməlidir.

4.2.3. Konfransa empirik tədqiqat metodlarına əsaslanan araşdırmaların nəticələrini aydın bir şəkildə ifadə edən, dünya və ölkə əhəmiyyətli mövzularda elmi iş göndərilməlidir. Konfransın Təşkilat və Elm komitəsi tərəfindən yüksək keyfiyyətli hesab edilən məqalənin beynəlxalq elmi jurnallarda nəşrinə imkan yaradılacaqdır.

4.2.4. Göndəriləcək elmi işlər “doc”, “docx” sonluqlu MS Office Word fayl formatında hazırlanmalı, səhifə ölçüləri isə sol kənar – 2.5 sm, sağ kənar 1.5 sm, alt və üst – 2.0 sm şəklində olmalıdır.

4.2.5. Təqdim olunacaq elmi işlər əlavələr xaric, xülasə, açar sözlər, əsas mətn (giriş, nəzəriyyə, metod, nəticə və təkliflər), istifadə edilmiş ədəbiyyat, cədvəllər, şəkillər daxil 8-15 səhifə arasında olmalıdır.

4.2.6. Konfransa təqdim olunan elmi işin son səhifəsinə əsas mətnin yazıldığı dildən başqa digər iki dildə (4.2.1-də qeyd edilən dillər) xülasə əlavə edilməlidir. Bu zaman elmi işin adı, müəllif haqqında məlumatlar, xülasə və açar sözlər qeyd edilir.

4.2.7. Elmi işin başlığı Times New Roman 14 şriftlə, bütün hərfləri böyük olmaqla, Bold, Center formatında yazılır. Onun altında sağa düzləndirilmiş formada tədqiqatçının adı, soyadı və atasının adı, növbəti sətirdə isə müraciətçinin doktorantura/dissertantura təhsili aldığı və ya çalışdığı müəssisənin adı yazılır. Onun altında ORCID nömrəsi və korporativ elektron poçt ünvanı yazılır. Xülasələr minimum 250, maksimum 500 söz olmaqla Times New Roman 10 şrift, sətir aralığı 1.15, justified formatında yazılır.

4.2.8. Elmi işin əsas mətn hissəsi Times New Roman 12 şrift, iki yana düzləndirilmiş (Justified) sətir aralığı - 1.15, paraqraf aralığı öncə və sonra 0 pt şəklində olmalıdır.

4.2.9. Cədvəl, şəkil və qrafiklərin daxili yazıları, başlıqları və alt şərhləri 1,0 aralıqlı sətirlə, Times New Roman 10 şrifti ilə, başlıqları isə yalnızca ilk hərfi böyük olmaqla 10 şriftlə bold yazılmalıdır. Hər bir cədvəl, şəkil və ya qrafik özünə uyğun nömrələnməlidir.

4.2.10. Elmi işdə istinadlar və ədəbiyyat siyahısı APA stilinə uyğun olaraq qeyd olunur. Yəni istinad cümlənin sonunda mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi göstərilir. İstinaddan sonra nöqtə qoyulur. Elmi işdə istənilən sayda istinad göstərilməli və ədəbiyyatdan istifadə olunmalıdır. İstinadların hamısı istifadə edilmiş ədəbiyyat siyahısında yer almalıdır. Bir başqa ifadə ilə istinad verilməyən mənbə istifadə edilmiş ədəbiyyat siyahısına daxil edilməməlidir.

4.2.11. Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:

4.2.11.1. İstinadlara dair nümunə:

  • Tək müəllifli olduğu halda (Məmmədov, 2007), (Pretty, 1994).
  • İki müəllifli olduğu halda (Əliyev və Osmanov, 2014), (Krugman & Stiglitz, 2010).
  • Üç və beş müəllifli olduğu halda (Kernis et., 1993).
  • Əgər istinad olunan bir təşkilat və ya dövlət qurumudursa, ilk istinadda olduğu kimi istinad olunur, sonrakı istinadlarda isə əgər çox bilinən bir qurumdursa, qısaltması qeyd olunur;
    • ilk istinad (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2014),
    • o ikinci istinad (ARDSK, 2014).
  • Əgər elmi işdə birdən çox mənbəyə istinad verilmişdirsə, bunlar əlifba sırasına görə düzülməlidir və əsərlər nöqtəli vergül ilə bir birindən ayrılmalıdır (Akar, 2010; Çalışkan, 2008; Dinçer ve Kolaşin, 2009; Engin ve Demir, 2009; Tunç, 2007)

4.2.11.2. Ədəbiyyatın siyahısının tərtibinə dair nümunə:

  • Berndt, T. J. (1981a). Age changes and changes over time in prosocial intentions and behavior between friends. Developmental Psychology, 17, 408-416.
  • Berndt, T. J. (1981b). Effects of friendship on prosocial intentions and behavior. Child Development, 52, 636-643.
  • Berndt, T. J. (1999). Friends' influence on students' adjustment to school. Educational Psychologist, 34, 15-28.
  • Berndt, T. J. (2002). Friendship quality and social development. Current Directions in Psychological Science, 11, 7-10.
  • Berndt, T. J. and Keefe, K. (1995). Friends' influence on adolescents' adjustment to school. Child Development, 66, 1312-1329.
  • Harlow, H.F. (1983). Fundamentals for preparing psychology journal articles. Journal of Comparative and Physiological Psychology, 55, 893-896.
  • Kernis, M.H., Cornell, D.P., Sun, C.R., Berry, A., Harlow, T. and Bach, J.S. (1993). There's more to self-esteem than whether it is high or low: The importance of stability of self-esteem. Journal of Personality and Social Psychology, 65, 1190-1204.
  • Wegener, D.T. and Petty, R.E. (1994). Mood management across affective states: The hedonic contingency hypothesis. Journal of Personality and Social Psychology, 66, 1034-1048.

5. Plagiat

5.1. Müraciət zamanı elmi işin plagiatdan keçirilməsinə dair detallı arayış müraciətçi tərəfindən təqdim edilir.

5.2. Plagiat faizi 15 %-dən artıq olmamalıdır. 15 %-dən artıq plagiat olduqda müraciət qəbul edilmir.


6. Konfrans gedişatı

6.1. Konfransın işi bölmələr üzrə aparılır. Bölmələrə sədr və həmsədrlər rəhbərlik edirlər.

6.2. Məruzəçilər öz məruzələri ilə müvafiq bölmələrdə çıxış edirlər. Məruzəyə bir qayda olaraq, 10 dəqiqəyə qədər vaxt ayrılır. 8 dəqiqə çıxış, 2 dəqiqə isə sual-cavab üçün verilir.

6.3. Məruzəçilər təqdimatla (ppt, pptx) çıxış edirlər. Təqdimatın əvvəlində mövzunun adı, məruzəçinin adı və soyadı qeyd edilməlidir. Təqdimatda əsas təqdim edilən mövzunun məqsədi, predmeti göstərilməlidir. Cümlələr qısa və aydın şəkildə verilməlidir. Əlavə fikirlər isə şifahi şəkildə bildirilməlidir. Təqdimata əlavə edilən şəkillər, videolar, musiqi təqdimatın mövzusuna uyğun olmalıdır. Sonda əsas fikir və nəticə göstərilməlidir.

6.4. Konfransın işçi dili Azərbaycan, rus və ingilis dilidir.

6.5. Bölmələrdə çıxış edən məruzəçilərin məruzələri sədr və həmsədrlər tərəfindən qiymətləndirilərək müvafiq qərarı “nəşrə tövsiyə edilir” və ya “nəşrə tövsiyə edilmir” qəbul edilir, qərar protokollaşdırılır. Protokol Təşkilat komitəsinə təqdim olunur.

6.6. Qəbul almış lakin konfransda məruzə etməyən müəlliflərin elmi işləri heç bir halda konfransın materiallarında çap olunmayacaqdır.


7. Konfransın yekunu

7.1. Konfrans çərçivəsində məruzə olunması üçün təsdiqlənmiş və konfrans proqramında yer alan elmi işlər yalnız müəllif (və ya müəlliflər) tərəfindən məruzə olunduqdan sonra nəşr oluna bilər. Konfransa ingilis dilində təqdim edilmiş və keyfiyyət göstəricilərinə görə fərqlənən elmi işlər beynəlxalq elmi və ya impakt faktorlu jurnallarda (SCOPUS və WoS platformalarında indekslənən) nəşr üçün seçilə bilər. Beynəlxalq jurnallarda nəşr üçün seçilməmiş elmi işlər “Konfrans Materialları”nda nəşr olunur.